`Həmsədrlər regiona səfər edəcək` - Nazir


18:40     29 Sentyabr 2016 elmar%20mmeddyarov9.jpg

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.


Femida.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər", - deyə nazir qeyd edib.

E. Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər".

Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Femida.az

Açar sözlər:

Oxunub: 886